.

.
.

Sunday, March 8, 2015

Ayn Rand - Boris Spasskiyə açıq məktub



Bu məqalədə Ayn Rand kommunizm, kollektivizm və sosializmin əsas prinsiplərini şahmat taxtası üzərində "tətbiq edərək" məşhur SSRİ şahmatçısı Boris Spasskiyə sual "ünvanlayır": "Siz bu prinsiplərlə şahmat oynaya bilərdinizmi?"



Beyninizi yoran cəhdlərdən sonra rəqibinizi küncə sıxışdırdığınız o çox vacib məqamda naməlum, ixtiyari bir qüvvə qəfildən oyunun qaydalarını öz lehinə dəyişsə, tutaq ki, fillərini vəzirin gedişinə müvafiq olaraq hərəkət etdirsə, oynaya bilərdinizmi? Davam edə bilərdiniz? Halbuki real həyatda bu sizin ölkənizin qanunlarıdır və sizin ölkənizin vətəndaşları bu cür oynamağa yox, məhz bu cür yaşamağa məcburdurlar.


Oyunun (şahmat) qaydalarını dialektikaya uyğun olaraq dəyişdirsələr və beləliklə ziddlərin birləşməsi mümkün olsa: Vəziriniz qəfil ağ vəzirdən qara vəzirə dönüb rəqibinizin fiquruna çevrilsə, sonra yenə dəyişərək bu dəfə boza çevrilib hər ikinizə aid olsa, oynaya bilərdinizmi? Davam etməzdiniz, elə deyil? Halbuki sizin vətəndaşlarınıza bu, danılmaz bir gerçəklik kimi sırınır.


Ancaq komanda şəklində oynamalı olsaydınız, yəni sizə tək düşünməyə və hərəkət etməyə icazə verməsəydilər, bir məsləhətçi şura və sizin hər bir addımınızı səsvermə ilə müəyyənləşdirəcək bir komanda ilə bir yerdə oynamağa məcbur edilsəydiniz, oynaya bilərdiniz? Güman edirəm ki, bir çempion kimi siz onların içində ən yaxşı oyunçu olardınız, amma görün onlara sizin strategiyanızın ən düzgün olduğunu inandırmaq üçün nə qədər vaxt və enerji sərf etməli olardınız. Sizcə uğur qazanmağınız nə dərəcədə mümkün olardı? Hansısa praqmatik, uzaqgörənlikdən məhrum zehniyyətə sahib olan adamlar üç gedişdən sonra mat olmağınıza səbəb olsa belə rəqibin atını vurmağınızın lehinə səs versəydi, nə edərdiniz? Məncə oyuna davam etməzdiniz. Halbuki bu, sizin ölkənizin nəzəri düşüncəsidir və elmi tədqiqatlarda, sənaye istehsalında və bəşəriyyətin xilasına xidmət etməli olan bütün digər fəaliyyət sahələrində tətbiq etmək üçün təklif etdiyi əsas metoddur.


Komanda oyununun mürəkkəb mexanizmi tətbiq edilsə və heç bir müzakirəyə imkan verməyən, yeganə arqumenti silah olan biri kürəyinizə tapança dirəyərək hansı gedişləri etməli olduğunuzu sizə diktə etsə, oynaya bilərdiniz? Nəinki oynamaq, heç oyuna başlaya da bilməzsiniz. Amma real həyatda sizin ölkənizin siyasəti bax bu cürdür, insanlarınız da o cür yaşayırlar... Və ölürlər.


Oyunun qaydalarını dəyişdirsəydilər və siz "proletar" qaydaları ilə, rəqibiniz isə "burjua" qaydaları ilə oynasaydı, oynaya bilərdiniz, ya da, ümumiyyətlə, Beynəlxalq Şahmat Federasiyasının bu cür maraqları, yanaşması olsaydı, xoşunuza gələrdi? Belə bir "çoxqaydalı" sistemin "çoxməntiqli" sistemdən daha məntiqsiz olduğunu deyərdiniz, elə deyil? Halbuki real həyatda sizin ölkəniz qlobal harmoniyaya nail olmağa çalışdığını iddia etsə də, digər tərəfdən özünün "proletar məntiqi" ilə, digər ölkələrinsə "burjua məntiqi", "Ali irq məntiqi" və ya "3-cü dünya ölkələri məntiqi" ilə siyasət yürütdüyünü bəyan edir.


Təkcə bir qaydanı dəyişsələr, piyadaların (piyada fiquru burda kütləni təmsil edir) ən dəyərli və əvəzedilməz fiqur olması və daha önəmli fiqurların (burda həmin fiqurlar fərdləri təmsil edir) qurban edilməsi bahasına da olsa onları qorumaq lazım olduğu qaydası qəbul edilsə, oynaya bilərdiniz?  Bax bu sualın cavabında siz ən azından heç-heçəyə nail ola bilərsiniz, çünki təkcə sizin ölkəniz yox, bütün dünya bu əxlaqi normanı qəbul edib.


Oyunun qaydaları olduğu kimi qalsaydı, lakin mükafatların verilməsi eqalitarizm* prinsiplərinə müvafiq olaraq dəyişdirilərək mükafatlar, şan-şöhrət qalibə yox, məğluba təqdim edilsə, qələbə arzusu xudpəsəndlik əlaməti hesab edilib, qaliblər parlaq zəkaya sahib olmaqda təqsirləndirilərək başqalarına imkan yaratmaq məqsədilə 1 il boyunca yarışlardan diskvalifikasiya olunmaqla cəzalandırılsaydı, oynamağı özünüzə sığışdırardınız? Siz və rəqibiniz qazanmaq üçün yox, uduzmaq üçün oynayardınız heç? Bu, sizin düşüncənizə necə təsir göstərərdi?


Mənə cavab verməyinizə ehtiyac yoxdur, yoldaş. Belə suallar haqda nəinki danışacaq, hətta düşünəcək qədər azadlığınız yoxdur və mən də cavabları bilirəm. Xeyr, siz yuxarıda sadaladığım şərtlər altında oynaya bilməzdiniz. Şahmat aləminə isə bir növ bu cür hadisələrdən qaçmaq üçün sığınmısınız.


*burada "eqalitarizm" termini ilə insanlar arasında iqtisadi bərabərsizliyin aradan qaldırılmasını təklif edən cərəyan nəzərdə tutulur.

No comments:

Post a Comment